cümə 5 iyun 2026 - 10:05
Qədir-Xum hədisi şiə və əhli-sünnə arasında ən məşhur hədisdir

Hövzə | Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx Zəkzaki Qədir-Xum bayramı münasibətilə etdiyi çıxışında Qədir-Xum hadisəsini və həzrət Peyğəmbərin (s) İmam Əlini (ə) öz canişini təqdim etməsini İslam ümmətinin birliyinin əsas mehvəri və nicat yolu kimi qiymətləndirib.

Hövzə Xəbər Agentliyinin Şeyx İbrahim Zəkzakinin rəsmi informasiya portalına istinadən verdiyi məlumata görə, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzaki ötən gün 4 iyunda Nigeriyanın paytaxtı Abuca şəhərində Qədir-Xum bayramı münasibətilə keçirilən möhtəşəm mərasimdə çıxış edib.

Mənəvi ab-hava şəraitində keçirilən mərasimdə Əhli-beytə (ə) məhəbbət bəsləyən çoxsaylı insanlar, eləcə də Nigeriyanın müxtəlif bölgələrindən gəlmiş insanlar iştirak ediblər.

Qədir-Xum İslam ümməti üçün böyük bir sınaqdır

Şeyx Zəkzaki çıxışının əvvəlində Qədir-Xum gününü İslam tarixinin ən mühüm və əzəmətli günlərindən biri kimi dəyərləndirərək bildirib ki, Qədir-Xum xütbəsi həzrət Peyğəmbərin (s) ümmətə ünvanladığı xüsusi və əbədi vəsiyyətdir. Bu xütbə İslam ümmətinin rəhbərliyi və hidayətinin gələcəyi ilə bağlı taleyüklü göstəriş və tövsiyələri özündə ehtiva edir.

O, İmam Əlinin (ə) və Əhli-beytin (ə) Allah Rəsulunun (s) canişinləri kimi təyin edilməsinin uca Allahın birbaşa əmri olduğunu vurğulayaraq deyib:

“Peyğəmbəri-Əkrəm (s) öz vəsiyyətini bəyan edib və ona itaət etmək hər kəs üçün vacibdir. Bu göstərişə qarşı çıxan hər bir şəxs Allahla görüş günü öz əməli ilə bağlı cavab verməli olacaq. Bu, ümmət üçün böyük bir sınaqdır. Necə ki, əvvəllər müsəlmanlar bu imtahandan keçirilmişdi, bu gün də biz eyni sınaq qarşısındayıq”.

Qədir-Xum hədisi günəş kimi aydın bir həqiqətdir 

Nigeriya İslam Hərəkatının rəhbəri tarix boyu Qədir-Xum həqiqətinin gizlədilməsi istiqamətində göstərilən cəhdlərə toxunaraq bildirib:

“Qədir məsələsi İslamda gizli qalacaq bir həqiqət deyil. Baxmayaraq ki, bu həqiqətin ört-basdır edilməsi üçün çoxsaylı cəhdlər göstərilib, Qədir-Xum günəş nuru kimi parlaq və aşkar bir həqiqətdir”.

O daha sonra vurğulayıb:

“Hədis və rəvayət mənbələri arasında heç bir hədis «Qədir-Xum hədisi» qədər yəqin dərəcəsinə çatmayıb. Bu şərif hədis həm əhli-sünnə, həm də şiə mənbələrində qəbul olunmuş, etibarlı sayılmış və üzərində ittifaq yaranmış hədisdir. Buna görə də onun barəsində heç bir şübhə və tərəddüdə yer yoxdur”.

Məlumata görə, yüksək mənəvi ovqatla keçən mərasim İslam dünyasında sülh və əmin-amanlığın bərqərar olması, müsəlmanların problemlərinin aradan qalxması, ədalətin hakim olması və İslamın saf və həqiqi təlimlərinə qayıdış naminə İmam Zamanın (ə.f) zühurunun tezləşməsi üçün edilən dualarla başa çatıb.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha